Foundation Proqramı nədir?
Böyük Britaniyada Foundation proqramı başqa bir ölkədə fərqli tədris proqramında təhsil almış abituriyentləri Böyük Britaniya universitetlərinin bakalavr fakültələrinə qəbul oluna bilmələri üçün İngilis dili və akademik olaraq hazırlayan hazırlıq proqramıdır. İngiltərə və Azərbaycanda orta məktəb təhsili fərqli olduğundan İngiltərədə universitetdə təhsil almaq istəyən azərbaycanlı abituriyentlər 1 il foundation təhsili almalıdırlar. Böyük Britaniyanın təhsil sistemində orta məktəbi bitirən şagird ümumilikdə 13 illik təhsil almış olur. Azərbaycanda isə bu təhsil ümumilikdə 11 il çəkir. Bu səbəbdən Azərbaycandan məzun olmuş abituriyentlər Böyük Britaniyada A-Level səviyyəsində qəbul edilmir. Böyük Britaniyada bir universitetdə təhsil almaq istəyirsinizsə, Britaniya universitetlərində və ya kolleclərində 1 illik foundation təhsili alaraq əksik olan hissəni tamamlamalısınız.

Tələbə Foundation proqramlarında iştirak etmək üçün kafi dərəcədə İngilis dili bilməlidir. Foundation proqramı çərçivəsində tələbələrə İngilis dili dərsləri verilir. Bununla belə, tələbənin İngilis dili səviyyəsinin müəyyən səviyyədə (IELTS 4.5 – 5.5) olması gözlənilir. Dil səviyyəsi yetərsiz olan tələbələrin əvvəlcədən dil hazırlığı keçməsi tələb olunur. Foundation proqramı, tələbələrin oxumaq istədikləri; biznes, maliyyə və menecment, proqramlaşdırma, hüquq, incəsənət və dizayn, mühəndislik, sosial elmlər, tibb, əczaçılıq, tv-media və humanitar elmlər kimi bakalavr ixtisasları üzrə tələbələri hazırlayır.
İnternational Year One Proqramı nədir?
International Year One proqramı Böyük Britaniyada bir universitetdə təhsil almaq istəyən, lakin qəbul tələblərinə tam cavab verə bilməyən tələbələr üçün bakalavr təhsilinin birinci ilini vasitəçi müəssisələrdə alaraq akademik hazırlıq və kredit qazandıran proqramdır. Britaniya universitetləri ilə əməkdaşlıq edən INTO, Navitas, Kaplan International Pathways, Study Group, Cambridge Education Group tərəfindən təklif olunan İnternational Year One proqramını uğurla başa vurduqdan sonra birbaşa vasitəçi qurumun müqaviləsi olduğu universitetlərə keçid alıb, bakalavr təhsilinizə zəmanətli şəkildə ikinci kursdan davam edəcəksiniz.
Pathway proqramı nədir?
Pathway proqramı Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Hollandiyada təhsil almaq istəyən, lakin universitetə yerləşdirilmək üçün lazımi şərtləri ödəyə bilməyən beynəlxalq tələbələrin akademik və dil bacarıqlarını təkmilləşdirməyə uyğun olaraq hazırlanmış proqramdır. Pathway proqramının əsas məqsədi universitet oxuyacağınız ölkədə təhsil ala biləcək səviyyədə İngilis dili biliyinə sahib olmağınızı təmin etməkdir. Dil təhsili ilə yanaşı, tələbələrə universitetdə oxuyarkən ehtiyac duyacaqları bacarıqları da qazandırır; inşa yazmaq, araşdırma aparmaq, komanda şəklində işləməyi öyrənmək, təqdimatlar etmək, mühazirələrdə qeydlər aparmaq və vaxtın idarə edilməsi. Pathway proqramının digər üstünlüyü də təhsil alacağınız ölkənin təhsil sisteminə və sosial həyatına hazırlaşdırma vəzifəsi görməsidir.

Pre-Master’s Proqramı nədir?
Pre-Master’s proqramı magistratura pilləsində təhsil almaq istəyən, lakin universitetə yerləşdirilmək üçün lazımi şərtləri ödəyə bilməyən beynəlxalq tələbələrin akademik və dil bacarıqlarını təkmilləşdirməyə uyğun olaraq hazırlanmış proqramdır. Tələbələr akademik və dil bacarıqlarını təkmilləşdirməklə yanaşı, həm də məzun olacaqları ölkənin təhsil sisteminə və mədəniyyətinə uyğunlaşırlar. Proqramın müddəti tələbənin səviyyəsindən asılı olaraq 3 ilə 12 ay arasında dəyişir. Xaricdə magistr təhsili almaq üçün Pre-Master’s proqramına qatılmaq məcburi deyil. Siz INTO, Navitas, Kaplan International Pathways, Study Group, Cambridge Education Group çərçivəsində Pre-Master’s proqramında iştirak edə bilər və proqramı uğurla başa vurduğunuz təqdirdə vasitəçi qurumlarla müqaviləli universitetlərə birbaşa keçid əldə edə bilərsiniz.